CƏMİYYƏT
Xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, güclü külək əsəcək
Bakı, 21 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti rayonlarda hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyulun 22-23-də güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə enəcək.
Rayonlarda iyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq iyulun 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, iyulun 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.