ELM VƏ TƏHSİL


Xəlil Kələntər: “Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların vətənidir”

Tokio, 3 iyul (AZƏRTAC). Xəlil Kələntər ilə məni Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tanış edəndə demişdi: “Xəlil bəy çox maraqlı şəxsiyyətdir. Onunla söhbət etsəniz yaxşı yazı hazırlaya bilərsiniz”. Həmin tanışlıqdan xeyli vaxt keçməsinə və dəfələrlə telefonuna zəng etməyimə baxmayaraq, o, vaxt tapıb mənimlə görüşə bilmirdi. Səsi gah Amerikadan, gah da Avropadan gəlirdi. Azərbaycan səfirliyinin Tokioda təşkil etdiyi Respublika Günü ilə bağlı rəsmi qəbula qızı Lena ilə birlikdə gəlmişdi. Məni görən kimi dedi: “Bu dəfə mütləq görüşəcəyik. Sizi yaşadığım Haçiyoci şəhərinə dəvət edirəm. Şənbə günü qonağımsınız”.

Əlbəttə, bu fürsəti əldən vermək olmazdı. Mən dərhal razılığımı bildirdim. Şənbə günü səhər saat 10-da görüşmək barədə razılığa gəldik. Məni, səfirliyin üçüncü katibi və həm də konsul Fuad Bağırovu dəmir yolu stansiyasında qarşıladı. Avtomobilə əyləşən kimi, sualı sual dalınca verməyə başladım. Harada anadan olduğunu, hansı ali məktəbi bitirdiyini, Yaponiyaya nə vaxt və nə üçün gəldiyini soruşdum. Saat dördə qədər bizimlə birlikdə olacağını desə də, sanki onu yenidən itirəcəyimdən ehtiyat edirdim. Dedi ki, tələsməyin, hələ gün qabaqdadır. İstəyirəm sizi ilk dəfə gəldiyiniz şəhərlə tanış edim. Tanışlığa da Yaponiyanın imperatorlar ailəsinin əbədi uyuduğu bağdan başlayaq. Söhbətimizi orada davam etdirərik.

Həqiqətən də Haçiyoci gözəl təbiəti ilə adamı valeh edirdi. Ətrafdakı yaşıllıq, gül-çiçək, quşların cəh-cəhi zövq oxşayırdı. Yaponlara məxsus səliqə-sahman da öz yerində.

Dedi ki, mən Miyana şəhərində anadan olmuşam. Mənim üçün Azərbaycanın şimalı, cənubu yoxdur. Azərbaycan dünya azərbaycanlılarının Vətənidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Gənclik illərində Bakının radio verilişlərinə qulaq asmağı çox sevirdim. Ana dilimizdə səslənən mahnıları xüsusi şövqlə dinləyərdim. Gecələr hətta Bakını yuxuda da görərdim. 1989-cu ildə xanəndə İslam Rzayev, tarzən Ramiz Quliyev və müğənni Zümrüd Məmmədova Yaponiyaya konsert verməyə gəlmişdilər. Bir ay Şincukuda mehmanxanada qaldılar. O vaxt Tokioda azərbaycanlılar yox idi. Mən onlarla görüşərək, konsertlərin təşkilində yapon dilində izahat işlərinin aparılmasına kömək etdim. Hər axşam gecə saat 12-dək onlarla birgə olurdum. Qədim və zəngin Azərbaycan musiqisinin yaponlar tərəfindən qavranılmasına gücüm çatan qədər yardım etdim.

Sonra Dağlıq Qarabağ münaqişəsi başladı. Hər gün qəzetləri izləyər, televiziyada xəbərləri buraxmazdım. Ermənilərin havadarlarına arxalanaraq törətdikləri vəhşilikləri içim yana-yana izləyərdim.

Azərbaycanın müstəqilliyini bərpa etməsi xəbərini isə böyük bayram kimi qarşıladım.

1998-ci ildə Azərbaycan idmançılarının Naqano Qış Olimpiya Oyunlarında iştirak etməsi barədə xəbəri aldıqdan sonra imkan tapan kimi oraya yollandım. Təəssüf ki, mən Naqanoya çatanda Azərbaycan Olimpiya Komitəsinin prezidenti İlham Əliyev artıq orada yox idi, Bakıya qayıtmışdı. Ondan bir qədər sonra Prezident Heydər Əliyev Yaponiyaya gəldi. Amma onunla da görüşmək mənə qismət olmadı. Ulu öndər Heydər Əliyev səfər proqramının sıx olmasına baxmayaraq, vaxt tapıb Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdü. Hazırda Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də həmin vaxt tələbə kimi bu görüşdə iştirak etmişdi. Sonradan mənə həmin görüşdən çəkilmiş fotoları da verdilər.

Xəlil bəy müstəqilliyin ilk illərində, Tokioda Azərbaycan səfirliyi olmayan vaxtlarda azərbaycanlı tələbələrə göstərdiyi diqqət barədə də danışdı. Dedi ki, onları axtarıb tapır, çətinliklərini aradan qaldırmağa, bir-biri ilə əlaqə yaratmağa kömək edirdim. Azərbaycanlı tələbələr dəfələrlə onun evində toplaşaraq kabab çəkər, ölkəmiz haqqında söhbət edər, Bakını xatırlayarmışlar. Evlərində qonaq olan zaman Xəlil bəyin xanımı Gunko San həmin illərin şəkillərini bizə əziz xatirə kimi göstərdi.

Təhsili və Yaponiyaya gəlişi barədə sualın cavabında Xəlil bəy bildirdi ki, Tehranda elektronika mühəndisliyini oxuyub başa vurduqdan sonra 1981-ci ildə bu Gündoğar ölkəyə gəlib. Burada on il Naqoya Universitetində çalışıb, sonra Tokioya köçüb. Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Məişətimizə geniş daxil olan LCD televizor, kompyuter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı, dünyanın məşhur universitetlərində bu mövzuda mühazirələrlə çıxış etmiş, 30 ildən çox Yaponiyada yaşayıb fəaliyyət göstərən soydaşımız Xəlil bəyi dünya bu adla tanıyır - Kalil Kalantar.

Xəlil Kələntər fəza 2-ölçülü optik koherent təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-eletronik sensorlar və ölçü cihazları, optik-makrostrukturlu funksional cihazlar və displey optikası məsələləri üzərində işləmişdir. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilmişdir. SID üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısıdır, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür.

Bundan əlavə, Xəlil bəy “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru kimi fəaliyyət göstərir. Displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür.

Söhbət zamanı dedi ki, apardığı tədqiqatlarla əlaqədar bir sıra tanınmış şirkətlərdə çalışmışdır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunmuşdur. LCD texnologiyaları üzrə yapon dilində üç kitabın müəllifidir. Həmin kitablardan yalnız birinin satış qiyməti 65 min yendir (təqribən 650 dollar). Displey elektronikası üzrə yapon dilində nəşr edilmiş altı kitabın həmmüəllifidir. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilmişdir.

Azərbaycanın son illər yüksək texnologiyalar sahəsində qazandığı uğurları diqqətlə izlədiyini bildirən soydaşımız alimlərimizin yaponiyalı həmkarları ilə əlaqələrini daha da inkişaf etdirməsini arzuladığını və bu istiqamətdə hər cür yardım göstərməyə hazır olduğunu qeyd etdi.

Biz də öz növbəmizdə müsahibə üçün vaxt ayırdığına və ən əsası, ürəyində gəzdirdiyi sonsuz Azərbaycan sevgisinə görə məşhur soydaşımıza gələcək elmi yaradıcılığında uğurlar arzuladıq.

Xəlil bəy Kələntər haqqında elmi məlumatların toplanmasında göstərdiyi köməyə görə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevə minnətdarlığımızı bildiririk.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.