REGİONLAR
“Xəmsə” milli intellektual oyunu üzrə “Yay kuboku”na yekun vurulub
Naxçıvan, 11 iyun, AZƏRTAC
Naxçıvanda gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Yay kuboku”na yekun vurulub. Gənclər və İdman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan intellektual oyun Gənclər Mərkəzində keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, intellektual oyunda 12 komanda 3 qrupda mübarizə aparıb.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək gənclərin intellektual biliklərinin, dünyagörüşlərinin və elmə olan marağının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Sonra oyuna start verilib. Qrup mərhələsinin qalibləri və ən yaxşı göstəriciyə malik qrup ikincisi final mərhələsinə adlayıb. 5 turdan ibarət mübarizənin yekununda “Turan” komandası bütün rəqiblərini geridə qoyaraq qalib gəlib. “Bayraqdar” ikinci, “Nəqşicahan” isə üçüncü yerə çıxıb.
Komandalar kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim edilib.