Xərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim olunacaq
AzerTAg.az

Bakı, 25 dekabr, AZƏRTAC
Milli Məclisin Vergi Məcəlləsində edilmiş dəyişikliklərindən biri də xərc normaları barədə məlumatların verilməsi ilə bağlıdır. Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların vergi orqanına təqdim edilməsi və müvafiq məlumatların vergi orqanlarına verilməməsinə görə məsuliyyət tədbirinin görülməsi nəzərdə tutulur.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, vergi orqanı tərəfindən istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materialların sərfi normaları barədə məlumatların əldə edilməsində məqsəd vergi nəzarəti tədbirləri zamanı istehsal olunan məhsulların istehsal məsrəflərinin və kalkulyasiyasının düzgün müəyyən edilməsidir. Eyni zamanda, qeyd olunan dəyişiklik vergi nəzarəti zamanı daha çevik nəzarətin qurulmasına, analoji vergiödəyicisi barədə məlumat ehtiyatına və mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.
Belə ki, istehsal fəaliyyəti üzrə aparılan səyyar vergi yoxlamaları zamanı vergiödəyicisinin dövriyyə məlumatlarının, o cümlədən istehsal həcminin və istehsal məsrəflərinin müəyyən edilməsi üçün bir çox hallarda ekspert və mütəxəssislər cəlb edilir. Bu hal həm vergi orqanlarına münasibətdə əlavə inzibatçılıq yükü yaradır, həm də vergiödəyicilərinə münasibətdə narazılıq hallarına səbəb ola bilir ki, bu da nəticədə vergi orqanı ilə vergiödəyicisi arasında ekspert rəyinin əsaslı olub-olmaması ilə mübahisəli məqamlar yaradır.
Göründüyü kimi, bu məlumatların əldə edilməsi vergi orqanlarına vergiödəyicisinin istehsal fəaliyyəti məsrəflərinin dairəsinin düzgün müəyyən etməsinə və mübahisəli məqamların yaranmaması üçün səyyar vergi yoxlamaları zamanı ekspert və mütəxəssis cəlb edilməsi hallarının azaldılmasına şərait yaradacaq.
Xəbərin mətnində orfoqrafik səhv var