CƏMİYYƏT
Xərçəngə qarşı Beynəlxalq Mübarizə Günü Azərbaycanda silsilə tədbirlər keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
Xərçəng dünyada ölüm hallarının əsas səbəblərindən biridir. Hər il fevralın 4-də qeyd edilən Xərçəngə qarşı Beynəlxalq Mübarizə Günü Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən elan edilib. Onun məqsədi müasir sivilizasiyanın ən qorxunc xəstəliklərindən biri sayılan xərçəng barədə məlumatlılıq səviyyəsini yüksəltmək, bu xəstəliyin qarşısının alınmasına, üzə çıxarılmasına və müalicəsinə diqqəti artırmaqdır.
Milli Onkologiya Mərkəzi (MOM) hər il Xərçəngə qarşı Beynəlxalq Mübarizə Günündə silsilə maarifləndirici tədbirlər keçirir.
MOM-dan AZƏRTAC-a bildiriblər ki, ictimaiyyəti xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi barədə daha ətraflı məlumatlandırmaq üçün fevralın 4-də Bakıda və Gəncədə belə tədbirlər keçirmək planlaşdırılır.
Həmin gün Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində, habelə “ASAN xidmət” mərkəzlərində bu xəstəliyin profilaktikası haqqında faydalı informasiya olan bukletlər paylanacaq. Bundan əlavə, onkoloji xəstəliklər barədə vətəndaşları maraqlandıran suallara təcrübəli onkoloqlar cavab verəcəklər.