ELM VƏ TƏHSİL
Xərçəngin genomu və diaqnostikası – tələbələrin elmi seminarı


Bakı, 2 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Xərçəng: genomu, diaqnostikası, terapiya metodları” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov çıxış edib. O bildirib ki, sağlam hüceyrələr bölünmə, ölü hüceyrələri əvəzetmə və toxuma zədələnməsini bərpaetmə qabiliyyəti ilə yenilənir. Bu bölünmə və çoxalma DNT tərəfindən idarə olunur və müəyyən nizama malikdir. Ancaq DNT-nin bir qədər zədələnməsi nəticəsində bəzi hüceyrələr idarə olunmadan bölünür və çoxalır. Bu hüceyrələr birləşərək şişlər əmələ gətirir. Bədənimizin müxtəlif toxuma və orqanlarında yarana bilən şişlər xoşxassəli və bədxassəli formalara bölünür. Bədxassəli şişlər böyüdükcə normal toxumaları zədələyir və xərçəng dediyimiz xəstəlik yaranır. Bəzən xərçəng hüceyrələri qan və limfa dövranı ilə əmələ gəldiyi toxumadan başqa toxumalara çataraq xəstəliyin bədənin digər hissələrinə keçməsinə səbəb olur. Xərçəng dünyada ürək-damar xəstəliklərindən sonra ən çox ölümə səbəb olan xəstəlikdir.
Üçüncü kurs tələbələri Əfsanə Baxışzadə, Sona Dünyamalıyeva, Ləman Ağayeva və Gülənbər Əhmədova xərçəng xəstəliyi, terapiya metodları, bu sahədə əldə edilmiş elmi nailiyyətlər və hazırda xərçəng xəstəliyində yeni tətbiq olunan müalicə üsulu - immunoterapiya, CAR-T və CRISPR-Cas9 haqqında məlumat veriblər.
Sonda fakültə dekanı Afət Məmmədova xərçənglə bağlı maarifləndirmənin əhəmiyyətini qeyd edib.