İDMAN
Xeresdə F1 İspaniya Qran-Prisinə ev sahibliyi edəcəklərinə ümid edirlər
Bakı, 19 noyabr, AZƏRTAC
2020-ci il İspaniya Qran-Prisi Formula 1 təqvimində son anda əldə olunmuş razılaşma sayəsində qalıb, amma bu, təkcə bir mərhələyə aiddir. İspaniyanın “Marsa” nəşri “Liberty Media” şirkətinin Xeresdə trasın sahibləri ilə apardığı danışıqlardan yazıb. Söhbət 2021-2023-cü illər mövsümü üçün üçillik kontraktın imzalanmasından gedir.
AZƏRTAC xəbər verir ki, şayiələrə görə, kontrakt ispanlara hər bir mərhələ üçün 25 milyon dollara başa gələcək. Lakin şəhərin meri Mamen Sançes Dias rəsmi bəyanata qədər informasiyanın mətbuata sızmasından təəssüfləndiyini bildirib.
Mamen Sançes Dias deyib: “Şəhər Şurası iki il ərzində Formula 1 yarışlarının Xeresə qayıtması istiqamətində iş aparıb. Xatırlatmaq istəyirəm ki, biz danışıqların təfərrüatının yayılmaması barədə saziş imzalamışıq. Ümidvaram ki, xəbərlərə düşmək cəhdləri danışıqların gələcək gedişinə təsir etməyəcək”.
Xeres trası Formula 1 mərhələsinə yeddi dəfə ev sahibliyi edib. Burada sonuncu mərhələ Avropa Qran-Prisi kimi 1997-ci ildə keçirilib və çempion titulunun taleyini müəyyənləşdirib.