CƏMİYYƏT


Xəstədən 26 santimetr ölçüdə nəhəng böyrək törəməsi xaric edilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Böyrəklərdə küt ağrıların olması şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən 32 yaşlı xəstə üzərində aparılan müayinələr nəticəsində qaraciyərə, ana damarlara və digər arteriyalara yapışmış vəziyyətdə sağ böyrəyin lokal invaziv törəməsi aşkarlanıb. Nəhəng törəmənin ətraf orqanlara və damarlara basqısı nəticəsində həyati təhlükə yaranmışdı.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəstə əvvəllər qonşu ölkələrdə də müayinələrdə olunsa da, üzərində əməliyyat aparılmaqdan imtina edilib. Gənc qadının vəziyyətinin ağır olmasına baxmayaraq, cərrah-uroloq, tibb elmləri namizədi Rəşad Şolanın rəhbərliyi ilə “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində təcrübəli mütəxəssislərin ətraflı müayinələrindən sonra riskli və böyükhəcmli əməliyyata qərar verilib.

Uğurla keçən əməliyyatdan sonra həkim-cərrah deyib: “Xoşbəxtlikdən xəstəlik erkən dövrdə aşkarlandığı üçün törəmə digər orqanlara metastaz verməmişdi. Xəstənin yaşı nəzərə alınaraq, multidissiplinar yanaşma tətbiq edildi, əməliyyatın riskləri dəyərləndirildi, müvafiq hazırlıq mərhələsindən sonra radikal nefrektomiya və genişləndirilmiş limfodiseksiya əməliyyatına qərar verildi. Böyrək, ona yaxın bütün toxuma və limfodüyünlər xaric edilsə də, risk altında olan orqanlar qorundu. Əməliyyatdan bir neçə gün sonra xəstə yaxşı vəziyyətdə evinə yazıldı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.