DÜNYA


Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi: Amerika omikron ştamına yoluxma hallarının artmasına hazırlaşmalıdır

Vaşinqton, 8 dekabr, AZƏRTAC

Birləşmiş Ştatlarda koronavirusa yoluxma ilə bağlı 200 minə yaxın fakt qeydə alınıb. Səhiyyə üzrə yüksəkvəzifəli məmurlar amerikaılıları hətta vaksinlənmə göstəriciləri artacağı halda da sayıqlığı saxlamağa çağırıblar.

AZƏRTAC xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenskinin sözlərinə görə, indiyə qədər qeydə alınmış pasiyentlərin 99 faizində koronavirusun delta variantı aşkar edilib. Valenski və Ağ evin COVID-19-a qarşı mübarizə qrupunun digər üzvləri ictimaiyyətə müraciət ediblər. Onlar səbirli olmağa çağırıblar, çünki tədqiqatçılar omikron variantı barədə daha çox öyrənməyə çalışırlar.

Amerikanın 19 ştatında koronavirusun omikron variantına yoluxma halları qeydə alınıb. Mərkəzin nümayəndələrinin sözlərinə görə, yeni ştama yoluxanların sayının artacağı gözlənilir.

Ağ evin təbabət üzrə baş müşaviri Entoni Fauçinin sözlərinə görə, yeni ştamın immun reaksiyalarından “boyun qaçırmaq” qabiliyyəti, onun sürətli yayılması ilə əlaqədar bir neçə mühüm məsələ indiyə qədər həll edilməyib. Lakin Fauçi onu da qeyd edib ki, yeni ştam barədə ilk elmi məlumatlar ümidvericidir.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ əhalisinin təqribən 61 faizi COVID-19-a qarşı tam vaksinlənib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları göstərir ki, omikron variantı yayıldıqca vaksinlərə tələbat artır. Dekabrın 2-də təqribən 2,2 milyon vaksin vurulub. Bu, son yeddi ay ərzində ən yüksək göstəricidir.

Omikron variantına qarşı mövcud vaksinlərin nə dərəcədə effektiv olması üzrə araşdırmalar hələ davam edir. Bununla belə Valenski və Fauçi Amerika sakinlərini koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün testlənmə, təmasların izlənməsi, fiziki məsafə və maska taxmaq kimi sınaqdan çıxarılmış metodlara riayət etməyə çağırıblar.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.