MƏDƏNİYYƏT
Xətai Sənət Mərkəzi növbəti rəsm müsabiqəsi elan edib
Bakı, 15 avqust, AZƏRTAC
Xətai Sənət Mərkəzi “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edib.
Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdır.
Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə yanaşı, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 30-dək Xətai Sənət Mərkəzinin [email protected] elektron ünvanına göndərə bilər. Müsabiqədə seçilmiş əsərlərlə bərabər, kolleksiya əsərləri də sərgilənəcək. Yekun sərgisi Xətai Sənət Mərkəzində açılacaq və müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunacaq.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.