İQTİSADİYYAT
Xətai rayonu ərazisindəki Sarayevo küçəsinin təmirinə başlanılıb VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Bakıda aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xətai rayonu Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1260 metr, 4 hərəkət zolaqlı olmaqla yolun eni bir istiqamət üzrə 7,5 metr olan küçənin ümumi eni 15 metrdir. Piyada səkilərinin eni isə 1,5 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçə boyu 1015 poqonmetr yeni səki daşları düzüləcək. Sözügedən küçədə yolun köhnə asfalt-beton örtüyünün üst qatı kənara daşınıb. Yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçəyə ikiqat olmaqla asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 16 min kvadratmetr ərazinin asfaltlanması nəzərdə tutulub.
Hazırda küçə boyu mövcud piyada səkilərinin bərpa edilməsi, kənarlarına səki daşlarının düzülməsi işləri görülür.
Eyni zamanda, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq.