SİYASƏT
Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Xətai rayonunda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, Xidmətin Xətai rayon idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, ehtiyata buraxılmış gənclərin valideynləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən SHXÇDX-nin Xətai rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant İsmayıl Abbasov gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən söz açıb.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov ehtiyata buraxılmış gənclərin bundan sonra da müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inandığını bildirib.
Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Rüfət Səmədov ordu sıralarında xidmətin hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.
Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.