CƏMİYYƏT
Xətai rayonunda “Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin icra hakimiyyətinin inzibati binasındakı büstünün önünə gül dəstələri qoyublar.
Konfrans DQİDK-nın sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov radikalizmin cəmiyyət üçün təhlükə olduğunu, hər bir vətəndaşın radikalizmə qarşı mübarizədə fəal iştirakının zəruriliyini bildirib.
DQİDK-nın sədri Mübariz Qurbanlı dini radikalizmin yaranma səbəbləri və onun fəsadları barədə məlumat verib. Bildirib ki, dini radikalizmə qarşı mübarizə həm də maarifləndirmə yolu ilə aparılmalıdır. Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, ailə dəyərlərinə bağlıdır. O qeyd edib ki, ölkəmizdə dini xurafata və dini radikalizmə qarşı mübarizə aparılır. Bu mübarizə çərçivəsində Dövlət Komitəsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və digər aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirir.
Dövlətin dinə qayğısından bəhs edən Mübariz Qurbanlı Azərbaycanda bütün ənənəvi dinlərin fəaliyyəti, eyni zamanda, vətəndaşların ibadətlərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək gənclərin vətənpərvər vətəndaş, ailə dəyərlərinə, adət-ənənələrə bağlı şəxsiyyət kimi formalaşmasında məktəb təhsilinin vacibliyini qeyd edib.
Tədbirin sonunda çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.