CƏMİYYƏT
Xətai rayonunda Qarabağ müharibələri şəhidlərinin xatirə lövhəsi açılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Bakının Xətai rayonunda Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə məktəbin məzunları olan Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri - Milli Qəhrəman, gizir Tahir Əminağa oğlu Bağırov, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanov, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, Denis Aleksandroviç Əliyev, Toğrul Daşqın oğlu Ağalarlı, Orxan Zöhrab oğlu İsmayılov və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə məktəbin həyətində keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhidlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəmanlıq tarixini yazıblar. Mərasimdə şəhidlərin döyüş yolundan danışılıb, onlarla bağlı xatirələr bölüşülüb.
Sonra şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzülüb.
Mərasimin sonunda şəhidlərin xatirə lövhəsinin ətrafına rəmzi olaraq yeddi ədəd çinar ağacı əkilib.