CƏMİYYƏT


Xətai rayonunda Qarabağ müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Bakının Xətai rayonunda Qarabağ müharibəsi şəhidləri Babayev İqbal Zəki oğlunun və Novruzov Asəf Aydın oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhid olan əsgərlərimizin cəsarətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı söylənilib.

Hər iki şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilər tərəfindən Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib.

Qeyd edək ki, bu gün 26 yaşı tamam olan şəhid İqbal Babayev 1995-ci il sentyabrın 10-da Qəbələ şəhərində doğulub. O, 2002-2013-cü illərdə Bakı şəhəri 257 saylı orta məktəbində təhsil alaraq həmin məktəbi bitirib. 2013-cü ildə Xəzər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat fakültəsində təhsilini davam etdirib. 2018-ci ilin iyunundan 2019-cu ilin iyununa kimi Naxçıvanda müddətli hərbi xidmətdə olub və Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirib. İ.Babayev Füzuli şəhərinin və rayonun Seyidəhmədli kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Babayev İqbal Zəki oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə, 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Birinci Qarabağ müharibəsi şəhidi Asəf Novruzov isə 1974-cü il dekabrın 10-da Qərbi Azərbaycanın Amasya rayonunun Güllübulaq kəndində dünyaya göz açıb. O, 1994-cü il mayın 2-də Tərtər rayonunda şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.