CƏMİYYƏT
Xətai rayonunda “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilib




Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında ASAN könüllülərinin iştirakı ilə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” fikrini xatırladıb. Deyib ki, dahi şəxsiyyətin əsas çağırışları sırasında bu mühüm məqam xüsusi yer tuturdu ki, gənclər tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı yaxşı bilməlidir. Hər kəs Vətəni sevməyi məhz Ümummilli Lider Heydər Əliyevdən öyrənib.
O bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün olmazdı.
YAP Xətai rayon təşkilatının sədri gənclərə Azərbaycanın həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələrindən söhbət açıb.
Qeyd edilib ki, 1993-cü il 9 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya gəlişindən 30 illik zaman keçir. Dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycan milli sərvətimizdir.
“Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar barədə günlərlə, aylarla danışa bilərik”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatından danışıb.
2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Labidə Batıyeva Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs edib.
Diskussiya şəklində davam edən tədbirdə könüllüləri maraqlandıran suallar cavablandırılıb.