CƏMİYYƏT
Xətai rayonunda “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi təşkil olunub
Bakı, 10 avqust, AZƏRTAC
Xətai Sənət Mərkəzində rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının dəstəyi, rayon Gənclər və İdman İdarəsinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçılarına sərgi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi əsas hədəflərdəndir.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hazırda ekoloji mühitin yaxşılaşdırılması və bu istiqamətdə adekvat addımların atılması bütün ölkələr üçün prioritetdir. Qeyd edilib ki, elimi-texniki tərəqqi insanların rahatlığını təmin etməklə yanaşı, təbiətin tarazlığını pozur.
V.Rəhimzadə xatırladıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ekoloji tarazlığın, yaşıllıqların qorunması dövlət siyasətinin əsasında olub. Ümummilli Lider bildirirdi ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra nəinki Bakı şəhərində, eləcə də respublikamızın bütün bölgələrində yaşıllıqlara diqqət yenidən artırılıb. Son 19 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı imzaladığı fərman və sərəncamlarda özünün aydın ifadəsini tapır. Belə ki, dövlətimizin başçısının Sərəncamı ilə 2010-cu il ölkəmizdə “Ekologiya İli” elan edilib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək bildirib ki, bu cür sərgilərin keçirilməsi gənclərin ekologiya və ətraf mühitlə bağlı maarifləndirilməsi, istedadlı və yaradıcı gənclərin aşkarlanması və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra tədbir iştirakçıları rəsmlərlə tanış olublar.
Sonda sərgidə əsərləri nümayiş olunan müəlliflərə diplomlar təqdim edilib.