CƏMİYYƏT
Xətai rayonunda Vətən müharibəsi şəhidi Salayev Elşənin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Vətən müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.
Mərasim tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik “yenilməz, qalib ordu” mifini yerlə-yeksan etdiyini bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir.
Diqqətə çatdırılıb ki, Elşənin timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Şəhidlərin Vətən, torpaq, yurd sevgisi, ideyası, döyüş yolu hər bir azərbaycanlı, xüsusilə də gənclər üçün örnəkdir.
Şəhidin ailə üzvləri çıxış edərək Elşənlə bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar.
Natiqlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə şagirdlərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları şəhid Elşən Salayevin xatirə lövhəsinin qarşısına tər güllər düzüblər.
Şəhidin adını daşıyan parkda abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, səkilər təmir olunub. Azyaşlılar üçün idman və əyləncə qurğuları quraşdırılıb, yaşlı sakinlərin istirahəti üçün oturacaqlar qoyulub.
Qeyd edək ki, 1998-ci il iyunun 8-də Bakı şəhərində dünyaya göz açan Salayev Elşən Fuad oğlu Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Oktyabrın 15-dən sonra Elşəndən heç bir xəbər almaq mümkün olmayıb. Təxminən 1 ay sonra Elşən Salayevin Vətən müharibəsində qəhrəmancasına şəhid olduğu xəbəri gəlib. O, noyabrın 18-də Bakı şəhərində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elşən Fuad oğlu Salayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.