CƏMİYYƏT


Xətai rayonunda Vətən müharibəsi şəhidinin xatirə lövhəsinin açılışı olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də - Vətən müharibəsi şəhidi Vüsal Mərdan oğlu Şahmarlının 25-ci doğum günündə Bakının Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində şəhidin adına ucaldılan xatirə lövhəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri tədbirdə iştirak ediblər.

Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Əməkdar artist, bədii qiraətçi Azad Şükürov Azərbaycan Ordusunun böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik “yenilməz, qalib ordu” mifini yerlə-yeksan etdiyini bildirib, tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərərək canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi qalacağını qeyd ediblər.

Bildirilib ki, Vüsalın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, xalqımızın qəlbində əbədi yaşayan igid Vətən övladlarıdır. Onların Vətən, torpaq, yurd sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün örnəkdir.

Sonra şəhidin ailə üzvləri çıxış edərək Vüsalla bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Mərasimdə 138 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda şəhidin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.