CƏMİYYƏT
Xətai rayonunda “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişmələri istiqamətində mütəmadi olaraq ictimai tədbirlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, “Vətənin müdafiəsinə hazıram” mövzusunda növbəti tədbir noyabrın 22-də Xətai Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər parkında Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə tər güllər qoyublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Yusif Mirzəyev bildirib ki, qurum tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi ənənə halını alıb. Xidmət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesində yaxından iştirak edir. Dövlət Xidməti səfərbərlik və səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal rol oynayır. Yaradılmasından beş ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, Xidmət tərəfindən xeyli nailiyyətlər və uğurlar əldə olunub.
Silahlı Qüvvələrimizin bütün göstəricilərə görə düşmən ordusundan dəfələrlə üstün olduğunu vurğulayan Y.Mirzəyev deyib: “Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Düşmən təmas xəttində mütəmadi qaydada müxtəlif təxribatlar həyata keçirir. Həmin təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusunun nizam-intizamı, ruh yüksəkliyi, texniki imkanları nəinki həmin təxribatların qarşısını almağa, işğal altındakı torpaqlarımızı qısa vaxtda azad etməyə imkan verir”.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, aprel döyüşlərində əldə olunan parlaq qələbənin cəmiyyətin bütün üzvlərində, o cümlədən gənclərdə vətənpərvərlik hisslərini və döyüş əzmini daha da artırdığını diqqətə çatdırıb. Bildirib ki, aprel döyüşləri dövlət-xalq-ordu birliyinin sarsılmazlığını və qələbəyə qəti inamı nəinki düşmənə, bütün dünyaya göstərdi.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli və digər çıxış edənlər də “Vətənin müdafiəsinə hazıram” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı gördüyü işlərdən danışıblar. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd güclü ordu quruculuğu prosesinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etməkdir.
Mərasimdə çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Sonda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Xətai rayonunun müxtəlif məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.