CƏMİYYƏT
Xətai rayonunda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 5 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aparılan tədbirlərin davamı kimi fəaliyyətini standartlara uyğun təşkil etməyən müəssisələrdə qanunvericiliyin tələbləri çərçivəsində monitorinqlər davam edir. Həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı, agentliyin “Çağrı mərkəzi”nə konkret faktlara əsaslanan müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlama tədbirləri aparılır və məhsullardan götürülən nümunələr laborator müayinələrə cəlb edilir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Xətai rayonu, Nobel prospekti 84 ünvanında yerləşən süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə agentliyə məlumat daxil olub və həmin müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib.
Baxış zamanı müəyyən edilib ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır. Aşkar edilib ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər də yoxdur. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı və kəsmik istehsalı həyata keçirilir.
Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı, müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyənləşib.
Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.