CƏMİYYƏT
Xətai rayonunda azyaşlı qızlara qarşı zorakılıq hərəkətləri edən şəxs saxlanılıb
Bakı, 28 avqust, AZƏRTAC
Xətai rayonu ərazisində müxtəlif vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin iyun ayı ərzində Bakı metrosunun “Əhmədli” stansiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçdığı müəyyənləşib. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyənləşib. Əsasən 10-15 yaşlı qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları A.Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən şəxslərdən bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.