İQTİSADİYYAT


Xətai rayonunda daha 2 küçə əsaslı şəkildə təmir olunub VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Dövlət başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 14,2 kilometr təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələrində aparılıb.

Uzunluğu 2,8 kilometr təşkil edən Nəsrəddin Tusi küçəsi və Əliağa Şıxlinski küçəsinin 1,8 kilometrlik hissəsi uzun müddət təmir olunmadan istismar olunurdu. Yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu və yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Təmir zamanı küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Həmçinin küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Sonda isə hər iki küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Görülən təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Cari ildə “İnvestisiya Proqramı”na uyğun olaraq, Xətai rayonu üzrə daha öncə təmirə ehtiyacı olan 2,1 kilometr uzunluğa malik Kazımağa Kərimov və 2,8 kilometrlik Abbas Fətullayev küçələrində, həmçinin 0,7 kilometrlik Zavod küçəsi üzrə yollarda da analoji təmir işləri aparılıb. Bundan başqa, 4 kilometr uzunluğa malik Admiral Naximov küçəsinin yan yollarında isə təmir işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə isə Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.