SİYASƏT
Xətai rayonunda keçirilən ixtisaslaşdırılmış kurslarda referendumla bağlı müxtəlif prosedurlar barədə məlumat verilib
Bakı, 24 avqust, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) tərtib etdiyi tədbirlər cədvəlinə uyğun olaraq referendumla bağlı avqustun 22-24-də Xətai rayonunda keçirilən ixtisaslaşdırılmış kurslarda ümumxalq səsverməsi ilə əlaqədar görüləcək işlər barədə ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na müvafiq olaraq keçirilən kurslarda dairə seçki komissiyalarının üzvləri, katibləri, məntəqə seçki komissiyalarının, o cümlədən qaçqın və məcburi köçkün rayonları üzrə seçki məntəqələrinin sədrləri iştirak ediblər.
Kursların üçüncü günündə 36 saylı Xətai dördüncü seçki dairəsinin dairə seçki komissiyasında keçirilən təlim məşğələdə çıxış edən komissiyanın sədri Tahir Süleymanov bildirib ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə təşkil edilib.
T.Süleymanov qeyd edib ki, kurslarda iştirakçılara referenduma hazırlıq, onun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi ilə bağlı aşağı seçki komissiyalarının üzərinə düşən vəzifələr şərh olunub.
Belə maarifləndirici kursların referendumun daha şəffaf və qanunamüvafiq keçirilməsi üçün böyük önəmə malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Referendum Aktı layihəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələri ixtisaslaşdırılmış kurslarda geniş təhlil olunub.
Diqqətə çatdırılıb ki, 36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində 35 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 102 seçicisi var. Məntəqələr zəruri avadanlıqlarla təchiz edilib. Məntəqələrdən 10-da veb-kamera quraşdırılıb. Referenduma beş gün qalmış isə əlavə olaraq 8 müvəqqəti seçki məntəqəsinin yaradılması nəzərdə tutulur.
Sonra Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimovanın “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzəsi dinlənilib.
Üç gün ərzində keçirilmiş kurslarda MSK-nın və dairə seçki komissiyalarının üzvləri, rayon polis idarəsinin, rayon prokurorluğunun, rayon icra hakimiyyətinin əməkdaşları referendum qabağı təşviqatın aparılmasına şərait yaradılmasına, referendum aktı layihəsinin və bildirişlərin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələrinə, onların fəaliyyətlərinin qarşılıqlı təşkilinə, referendum prosesində KİV-lərin roluna, müşahidəçilərin hüquq və vəzifələrinə, seçici siyahılarının təkmilləşdirilməsinə və Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlara verilən seçki hüquqlarına dair çıxışlar ediblər.
Belə kurslar 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilib. Məntəqə seçki komissiyaları üzvlərinin və sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı biliklərin artırılması baxımından kursların əhəmiyyəti yüksək dəyərləndirilib.