CƏMİYYƏT
Xətai rayonunda keçirilən monitorinqlər zamanı 5 heyvan kəsimi məntəqəsində nöqsanlar aşkar edilib
Bakı, 22 iyul, AZƏRTAC
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il iyunun 11-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması sahəsində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirir.
İyulun 16-da Bakının Xətai rayonunda keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Rayonda fəaliyyət göstərən Kərim Kərimov küçəsi, 34 ünvanında fiziki şəxs Nəsibov Vəli İnşallah oğluna, Kərim Kərimov küçəsi, 34 ünvanında fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna, Kərim Kərimov küçəsi, 100A ünvanında fiziki şəxs Musayev Ramil Nail oğluna, Kərim Kərimov küçəsi, 104A ünvanında fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna, Polad Həşimov küçəsində fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqələrində nöqsanlar olduğu müəyyən edilib.