CƏMİYYƏT
Xətai rayonunda mağazaya basqın edən şəxslərin digər cinayətlərinin də üstü açılıb
Bakı, 28 aprel, AZƏRTAC
Bakıda mağazaya silahlı basqın edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu ilə tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.