CƏMİYYƏT
Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılıb
Bakı, 11 may, AZƏRTAC
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin cinayət axtarışı şöbəsi və narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 12 nəfər tutulub. Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, 8-i isə onlar üçün narkokuryerlik edən şəxslər olublar. Həmin şəxslərdən külli miqdarda heroin, marixuana, tiryək və metamfetamin aşkar olunub.
Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil etdikləri müəyyənləşdirilib. Aşkarlanan bütün faktlarla əlaqədar cinayət işi başlanıb.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.