CƏMİYYƏT
Xətai rayonunda onlayn yolla narkotik vasitələr satanlarda dörd kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkarlanıb VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlcə paytaxt sakini Nicat Bayramov tutulub. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 43 qram heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı Nicat Bayramovun narkotikləri tanışları Səxavət və Cavidan adlı şəxslərdən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslər - əvvəllər məhkum olunmuş Səxavət Məmmədov və Cavidan Şükürzadə də tutularaq istintaqa təqdim ediliblər. Onlardan sosial şəbəkələr vasitəsilə satış üçün əldə etdikləri dörd kiloqramdan çox heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub.
Həmin faktlarla əlaqədar İdarənin istintaq şöbəsində cinayət işi başlanılıb.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.