CƏMİYYƏT
Xətai rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkar edilib
Bakı, 18 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində DİN-in Xətai Rayon Polis Şöbəsi və Xətai Rayon İcra Hakimiyyəti əməkdaşları ilə birgə keçirilən reyd zamanı Bakının Xətai rayonunun Babək prospektində fiziki şəxs Xanalıyev Rəşad Firəddin oğluna məxsus ət satışı məntəqəsində qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb, fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Reyd zamanı Xətai rayonunun Ə.Şıxlinski küçəsi, 2 ünvanında Həsənov Yavər Vəli oğluna, Cavanşir küçəsi ilə Ramiz Quliyev küçəsinin kəsişməsində fiziki şəxslər İsmayılov İntizam Xanbaba oğlu və Niftəliyev Mahir Gülağa oğluna məxsus məntəqələrdə də qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi müəyyən olunub.
Məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə cavab verməyən bir sıra kəsim qurğuları sökülüb.