CƏMİYYƏT
Xətai rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti reydlər keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il iyunun 11-də imzaladığı Sərəncamının icrası ilə əlaqədar olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması sahəsində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə əlaqədar aşkar olunmuş faktlar üzrə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirir. İyulun 16-da Xətai rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub. Rayonda fəaliyyət göstərən İnqilab İsmayılov, 56 küçəsində fiziki şəxs Rüstəmov Rüstəm Səxavət oğluna, Qaçaq Nəbi, 10 küçəsində fiziki şəxs Qubadov Səid Yaşar oğluna, NZS qəsəbəsi, Z.Yusifov küçəsində fiziki şəxs İmanov Vüsal Aqil oğluna, NZS qəsəbəsi, Z.Yusifov 28 ünvanında fiziki şəxs Qasımov Qulu Əliş oğluna, Rəşid Bağırov küçəsində fiziki şəxs İsaqzadə Nicat Şaiq oğluna, NZS qəsəbəsi, Z.Yusifov küçəsində fiziki şəxs İmanov Vüsal Aqil oğluna və Rəşid Bağırov küçəsində fiziki şəxs Səfərov Amil Fazil oğluna məxsus heyvan kəsimi məntəqələrində nöqsanlar olduğu müəyyən edilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.