CƏMİYYƏT
Xətai rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb
Bakı, 16 fevral, AZƏRTAC
Xətai rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü rayonun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində “isti izlər”lə açılıb.
Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, fevralın 15-də saat 05 radələrində rayon ərazisində 1987-ci il təvəllüdlü İsmayıl Xankərimovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1987-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Famil İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.