CƏMİYYƏT


Xətai rayonunda şəhidlərin xatirə lövhələrinin və parkın açılışı olub

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Vətən müharibəsi şəhidi polkovnik-leytenant İbrahimov Xeyrulla Mais oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Sadıqov Faiq Ağakişi oğlunun Cavanşir küçəsi 70 ünvanında xatirə lövhələrinin və parkın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.

Daha sonra tədbirdə şəhidlərin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüblər. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə şagirdlərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhidlərin xatirə lövhəsinin yerləşdiyi ərazidə abadlıq işləri aparılıb və park salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.