CƏMİYYƏT
Xətai rayonunda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin prokurorluq və polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək tutulub istintaqa cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.