CƏMİYYƏT
Xətai rayonunda yaşayış binaları ətrafında abadlıq işləri aparılıb
Bakı, 19 aprel, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən abadlaşdırma və təmizlik tədbirləri davam edir.
AZƏRTAC icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, rayonun Məzahir Rüstəmov, Məhəmməd Hadi, Qaçaq Nəbi və Sarayevo küçələrində bir neçə binanın ətrafında iməcilik keçirilib, təmizlik və abadlıq işləri görülüb.
Qaçaq Nəbi küçəsindəki 9 nömrəli ünvanda yerləşən məhəllədaxili ərazidə şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulağın ətrafı təmizlənərək abadlaşdırılıb. Ərazidə sakinlərin istirahətini təmin etmək üçün müasir tipli köşklər, oturacaqlar qoyulub və uşaqlar üçün əyləncəli oyun qurğuları quraşdırılıb.
Məzahir Rüstəmov küçəsi 7, 9 və 19, Məhəmməd Hadi küçəsi 13 və 15, Qaçaq Nəbi küçəsi 7, 8 və 9, Sarayevo küçəsi 32 nömrəli binaların ətrafında abadlıq və təmizlik işləri həyata keçirilib.
Sakinlərin narazılığını və antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilən ərazilərdə çəpərlər və yararsız tikililər sökülüb, ətrafdakı məişət tullantıları təmizlənib. Qanunsuz quraşdırılmış primitiv köşklər və müxtəlif ölçülü dəmir qarajlar götürülüb. Ağacların qurumuş budaqları kəsilib, metal qırıntısı və digər lazımsız əşyalar təmizlənərək binaların ətrafı səliqə-sahmana salınıb.