İQTİSADİYYAT
Xətai rayonunda yenidənqurma və abadlıq işləri diqqət mərkəzindədir
Bakı, 26 yanvar (AZƏRTAC). Paytaxtın Xətai rayonunun simasının gözəlləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət almışdır.
AZƏRTAC xəbər verir ki, son illər rayon ərazisində yeni yaşıllıq zolaqlarının, park və meydanların salınması, yenidən qurulması artıq ənənə şəkilini almışdır. Hazırda rayonun Zığ şosesində yol kənarındakı istifadəyə yararsız ərazilərdə yaşıllıq zolaqlarının salınması davam edir.
Burada ərazi daşlardan təmizlənir, yerində yeni çəmənliklər salınır, ağaclar əkilir. İşlərin vaxtında başa çatdırılması məqsədilə əraziyə rayon icra hakimiyyətinin texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.
Bununla yanaşı, əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yol kənarındakı piyada səkiləri dəyişdirilir və yerində tamet plitələr döşənir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonun Rahib Məmmədov küçəsində yeni parkın tikintisinə başlanılmışdır.
Ümumi sahəsi 2 min kvadratmetr olan parkda 2 musiqili fontan və uşaqlar üçün əyləncə meydançası tikilmişdir. Əraziyə yaşıllıq örtüyü də salınacaqdır. İstirahət parkında Avropa istehsalı olan müasir işıqlandırma sistemi quraşdırılacaqdır.