İQTİSADİYYAT
Xətai rayonunda yerləşən “Araz” kafesi hərracda 120 min manata özəlləşdirilib
Bakı, 7 fevral, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar davam etdirilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, fevralın 7-də keçirilən növbəti hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz” kafesi olub. Belə ki, həmin əmlak 120 min manata özəlləşdirilib. Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir. Hərracda prosesi izləmək istəyən media nümayəndələri və vətəndaşlar iştirak ediblər. Hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.
Hərracın sonunda iştirakçılar və müşahidəçilər arasında vətəndaş məmnunluğu sorğusu keçirilib. Sorğu zamanı iştirakçıların hərraclardan razılığı, hərrac proseduru, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikir və rəyləri öyrənilib. Sorğunun nəticəsinə əsasən vətəndaşlar bildiriblər ki, hərracda iştirak üçün müraciət proseduru sadədir. Hərrac barədə məlumatı həm komitənin Özəlləşdirmə portalı və saytından, həm də KİV-dən tez və rahat əldə edə bilirlər.
Keçirilən hərracların görüntüləri ilə komitənin rəsmi “youtube” kanalında (https://goo.gl/OpYdB1) tanış olmaq olar.
Növbəti hərrac fevralın 14-də keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumatı http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231 linkindən əldə etmək mümkündür.
Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı, regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətlər, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.
İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Bunun üçün Özəlləşdirmə portalına (privatization.az) daxil olaraq hərracları izləmək və hərraclarda iştirak edəcək əmlaklara sifariş vermək kifayətdir. Portalda hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10 faizi həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir. Hərracda iştirak edən, lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.
Xatırladaq ki, hərracda əldə edilmiş əmlaka çıxarış almaq prosesi olduqca sadə və rahatdır. Belə ki, hərracdan dərhal sonra qısa müddət ərzində mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış verilir. Bu proses vətəndaşın müvafiq qurumlara müraciət edərək əlavə vaxt itkisinin qarşısını alır. Ümumiyyətlə, özəlləşdirmə prosesinin yeni mərhələsi sahibkarlığın inkişafına təkan verir. Eləcə də, müxtəlif iqtisadi sahələrin pambıqçılıq, nəqliyyat, tikinti, xidmət və s. sahələrin canlanmasına dəstək olur.
Hərraclarla bağlı hər hansı bir sualla (012) 566-07-44 əlaqə nömrəsinə müraciət etmək olar.
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları və investorları özəlləşmə prosesində aktiv iştiraka dəvət edir.