CƏMİYYƏT
Xətai rayonunda yuxarı sinif şagirdlərinə peşəyönümu məsləhətləri verilib
Bakı, 6 yanvar, AZƏRTAC
Gənclər üçün peşəyönümü tədbirləri Bakının Xətai rayonundakı 138 saylı tam orta məktəbdə davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin təşkil etdiyi tədbirdə Xidmətin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, orta məktəbin rəhbərliyi də iştirak edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə orta məktəbin yuxarı siniflərində oxuyan 180 nəfər şagird əhatə olunub. Gənclərə ilk növbədə əmək bazarında mövcud vəziyyət, peşə və ixtisaslara olan tələblər barədə ətraflı məlumatlar verilib. Bu tələblərə uyğun şəkildə düzgün peşə və ixtisas seçiminin gənclərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmasında xüsusi önəm kəsb etdiyi diqqətə çatdırılıb. Əmək bazarında işəgötürənlərin lazımi peşə və ixtisaslar üzrə işçi qüvvəsinə ehtiyaclarının ödənilməsində də bu amilin vacib şərtlərdən olduğu, gənclərin düzgün peşə seçiminin dəstəklənməsinin dövlət məşğulluq siyasətində mühüm yer tutduğu vurğulanıb.
Yuxarı sinif şagirdlərinə peşəyönümu məsləhətlər verilib, onlar məşğulluq sahəsində vətəndaşların hüquqları, dövlət təminatları, aktiv məşğulluq tədbirləri, peşə hazırlığı və əlavə təhsil kursları barədə ətraflı məlumatlandırılıb. Şagirdlərlə diskussiya şəraitində keçən tədbirdə onları maraqlandıran suallar da cavablandırılıb. Tədbir iştirakçılarına məşğulluq xidmətləri barədə məlumatların əks olunduğu əyani vəsaitlər təqdim olunub. Şagirdlər onlar üçün belə tədbirlərin təşkilinə görə öz razılıqlarını, tədbir nəticəsində gələcək peşə və ixtisas seçimi ilə bağlı dəyərli məlumatlar əldə etdiklərini bildiriblər.