ELM VƏ TƏHSİL
Xətai və Suraxanı rayonlarında səyyar qəbul
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, 59 nömrəli tam orta məktəbdə keçirilən qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, dərs yükü, mühafizə və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müəyyən tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.