İDMAN


Xəyal Canıyev: Qarşıdakı yarışlarda Azərbaycanı təmsil etmək istəyirəm

Xəyal Canıyev: Qarşıdakı yarışlarda Azərbaycanı təmsil etmək istəyirəm

Bakı, 27 yanvar, AZƏRTAC

MMA idman növündə Azərbaycan bayrağını yüksəltmək, adımı tarixə yazmaq istəyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri muay-tay üzrə dünya və Avropa çempionu Xəyal Canıyev Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Xəyal Canıyev Azərbaycanın MMA idman növündə yaxşı nəticələrinin olduğunu vurğulayaraq bildirib: “Bir neçə idmançımız böyük uğura imza atıb. Yaxın müddətdə nailiyyətlərimiz daha da artacaq. Mən də bu idman növünə keçmişəm. Azərbaycanda həvəskar kikboksinq həmişə yaxşı vəziyyətdə olub. Amma peşəkar kikboksinq başqa durumdadır, hələ zəifdir. Hamımız birləşsək bu problemi həll edə bilərik. Kiməsə kömək olmağa həmişə hazırıq. İnanıram ki, Azərbaycandan da yaxşı idmançılar üzə çıxar. Əsas problem məktəblə bağlıdır. Öz qardaşım mənim müəllimimdir. Buna görə də müəllimlərin nə cür əziyyət çəkdiklərini bilirəm. Məncə, müəllimlərimiz təcrübə üçün başqa ölkələrə getsələr daha yaxşı olar. Hər idman növünün öz vaxtı var. Demirəm ki, kikboksinq sönüb. MMA-da indi güclü döyüşçülərimiz var. Bu növü seçməyimdə məqsədim orada bir nömrə olmaq, Azərbaycan bayrağını dalğalandırmaqdır”.

Xaricdə yaşasa da, Azərbaycan bayrağını həmişə üzərində daşıdığını vurğulayan X.Canıyev deyib: “Dörd yaşımdan Rusiyada yaşayıram. Son üç ayda tez-tez Vətənimə gəlirəm. Döyüşlərimdə də həmişə Azərbaycan bayrağı yanımda olub. Azərbaycan vətəndaşlığını almaq istəyərdim. Bu mənim üçün qürurdur. İndi Ukrayna ilə olan məsələlərə görə Rusiya vətəndaşlığından çıxmaq məsələsi çətin görünür. Ancaq qarşıdakı yarışlarda rəsmi şəkildə Azərbaycanı təmsil etmək istəyirəm”.

MMA-da yeni addımlar atdığını qeyd edən X.Canıyev idmanın bu növündə pərəstiş etdiyi döyüşçüləri də xatırladıb: “Həbib Nurməhəmmədov ən çox sevdiyim döyüşçüdür. Həmçinin Rafael Fiziyev də böyük idmançıdır. İnanmıram ki, yaxın müddətdə kimsə onun səviyyəsinə yüksəlsin. Tofiq Musayev də mənim sevdiyim idmançılardandır. İki-üç döyüş keçirdikdən, təcrübə topladıqdan sonra daha tanınmış idmançılarla qarşılaşacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.