REGİONLAR


Xəyal Cəfərov: Karbamid zavodunun SOCAR-a tam təhvil verilməsi bu ilin aprel ayına nəzərdə tutulur

Sumqayıt, 13 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektoru dinamik inkişaf edir və “SOCAR karbamid” zavodu layihəsinin həyata keçirilməsi bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir.

Zavodun direktoru Xəyal Cəfərov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, layihənin tikintisi beynəlxalq açıq tender əsasında seçilmiş Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib və zavodun SOCAR-a tam təhvil verilməsi cari ilin aprel ayına nəzərdə tutulur.

“Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin olunub. Bu şirkətlərin texnologiyalarının tətbiqi zavodun beynəlxalq standartlara cavab verməsini və ətraf mühitə emissiya miqdarının sıfır səviyyəsində saxlanılmasını təmin edib”, - deyən X.Cəfərov vurğulayıb ki, beynəlxalq tender əsasında seçilmiş Finlandiyanın “Neste Engineering Solutions” şirkəti isə layihə üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.

“Zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarətdir. Gündəlik 2000 ton karbamid istehsalı gücünə malikdir. Bu da illik təxminən 650-660 min ton azot gübrəsi istehsalı deməkdir. İstehsal edilən karbamid məhsulunun təxminən 30 faizi daxili tələbatı tam ödəyəcək, qalan 70 faizi “Made in Azerbaijan” brendi altında Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq”, - deyə zavodun direktoru əlavə edib.

Onun sözlərinə görə, ölkənin azot gübrəsi idxalından asılılığı tamamilə aradan qaldırılacaq, gübrə idxalına sərf edilən illik təxminən 90 milyon dollar vəsait ölkə daxilində qalacaq və ölkənin ixrac potensialı daha da güclənəcək. Eyni zamanda, karbamid zavodunun istismara verilməsi ölkədə fermerlərin ən keyfiyyətli gübrələrdən biri olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaradır. Bu isə öz növbəsində məhsuldarlığın artmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə və onların ixracının genişlənməsinə gətirib çıxaracaq.

Xəyal Cəfərov bildirib ki, karbamid istehsalı üçün tələb olunan illik qaz sərfiyyatı 435 milyon kubmetr təşkil edir: “Prezident İlham Əliyevin yanvarın 16-da zavodun açılışındakı çıxışında qeyd etdiyi kimi, əgər bu təbii qaz cari qiymətlərlə xarici bazarlara satılsaydı, bundan təxminən 80 milyon dollar vəsait əldə oluna bilərdi. Ancaq karbamidin satışından illik təxminən 150-160 milyon dollar gəlir əldə ediləcəyini nəzərə alsaq, təbii qazın karbamid istehsalında istifadə edilməsi ilə səmərəlilik iki dəfə artırılacaq”.

Bundan başqa, layihənin həyata keçirilməsi xüsusilə Sumqayıt şəhərində əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərməklə sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Zavodun tikintisinin ən qızğın dövründə buradakı işlərə təxminən 3600 nəfər işçi cəlb edilib. Sözügedən işçilərin əksəriyyəti Sumqayıt şəhərinin və ətraf qəsəbələrin sakinləri olub.

“Zavodun istismarı dövründə isə əsasən Sumqayıt şəhərindən olmaqla, təxminən 500 nəfərin daimi iş yeri ilə təmin edilməsi nəzərdə tutulur. Hazırda, zavodda çalışan insanların orta yaşı 30-35 arasındadır. Bu işçilər, SOCAR-ın işə qəbul prosesindən uğurla keçmiş yüksək peşəkarlıq səviyyəsinə malik kadrlar, SOCAR-ın, o cümlədən biri Sumqayıt şəhərində yerləşən Təlim-Tədris mərkəzlərinin, Bakı Ali Neft Məktəbinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, habelə Sumqayıt Dövlət Universitetinin məzunlarıdır”, - deyə Xəyal Cəfərov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.