REGİONLAR


Xeyriyyə aksiyası: Astarada 650 nəfərə yaxın rayon sakini tibbi müayinələrdən keçib

Astara, 8 may, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Astara rayonunun Kijəbə qəsəbəsində keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş xeyriyyə aksiyası başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən humanitar aksiya zamanı Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri “Ürək-damar xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində Mobil Səyyar Hospitalda rayon sakinlərinə pulsuz xidmət göstəriblər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir.

Aksiyada Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə 16 nəfərdən ibarət təcrübəli həkim briqadası tərəfindən tibbi yardıma ehtiyacı olan, azyaşlı uşaqlar daxil olmaqla rayon sakinləri müayinə ediliblər. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ixtisaslı ekspertlər də olub.

EXO, USM, EKQ və doppler vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan vətəndaşlara yerində peşəkar tibbi məsləhətlər verilib.

Aksiya zamanı, həmçinin yerli əhali artıq xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndirilib, gələcək fəsadların əmələ gəlməməsi üçün onlar doğru müalicə barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən belə xeyriyyə tədbirlərinin Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Xeyriyyə aksiyasında 650 nəfərə yaxın Astara sakini tibbi müayinələrdən keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.