REGİONLAR


Xeyriyyə aksiyası: Mərhəmətli olmağa tələsin!

Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Dekabrın 6-da SOCAR “Azərikimya” İstehsalat Birliyinin Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Birliyin akt zalında tədbir keçirilib. Tədbirdə bildirilib ki, 8 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas məqsədi aztəminatlı ailələrin uşaqlarını, həmçinin sağlamlıq və maddi imkanları məhdud olan uşaqları isti qış geyimləri ilə təmin etməkdir. Ötən dövrdə bu aksiya nəticəsində minlərlə insana yardım olunub.

Hər il olduğu kimi, bu il də aksiyanın əhatə dairəsi genişlənib. Belə ki, bu aksiyada hər iki valideynini itirmiş uşaqlar, əlil arabasına ehtiyacı olanlar və əlillər təşkilatının digər ehtiyaclı üzvləri, aztəminatlı ailələr, tənha və kimsəsizlər, yardıma ehtiyacı olan digər insanlar da nəzərə alınıb.

Tədbirdə bir ay davam edən aksiya nəticəsində əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin və aksiyaya qoşulan idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə nəzərdə tutulan insanlara paylanılıb. Ümumilikdə, budəfəki aksiyada 300-ə yaxın insana kömək göstərilib.

“Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə və Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, onların səsinə səs verərək, bu xeyirxah təşəbbüsə qoşulan və bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.