CƏMİYYƏT
Xəz geyimlərinin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 13 fevral, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 ərazisində baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub. Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədilə “Qırmızı kanal”a yönləndirilib. Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.