RƏSMİ XRONİKA


“Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarına

Hörmətli Sərgi iştirakçıları!

Sizi “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı münasibətilə salamlayır, sərginin işinə uğurlar arzulayıram.

Sevindirici haldır ki, ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı belə sərgilərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Son illərdə qazanılan nailiyyətlər respublikamızın iqtisadi əsaslarını möhkəmləndirərək, qeyri-neft sektorunun, infrastruktur sahələrinin və regionların inkişafının sürətləndirilməsi, xüsusən ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində kompleks tədbirlərin gerçəkləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Ətraf mühitin yaxşılaşdırılması, təbii sərvətlərin və biomüxtəlifliyin mühafizəsi sahəsində bu günədək bir sıra mühüm layihələr icra edilmişdir. Hazırda cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti ekologiya problemlərinin həllinə yönəlmişdir və dövlətimizin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla həyata keçirilməkdədir.

Ətraf mühitin sağlamlaşdırılması və lazımınca qorunması məqsədi ilə bəzi pilot layihələrin icrası zamanı ekoloji tələblərə cavab verən yeni texnologiyalardan istifadə yüksək nəticələr əldə olunmasını təmin etmişdir. Bunlar bir daha göstərir ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri kimi, ekologiya məsələləri də daim diqqət mərkəzindədir. Vətəndaşlarımızın sağlam ətraf mühitdə yaşaması naminə biz ən müasir “yaşıl texnologiyalar”ın tətbiqindən maksimum faydalanmağı bacarmalıyıq.

İnanıram ki, “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi qarşıya qoyulan məqsədlərə çatmaq baxımından səmərəli olacaqdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2012-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin