İQTİSADİYYAT
Xəzər Dəniz Gəmiçiliyi Ordumuza dəstək olub
Bakı, 9 oktyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivi könüllü şəkildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon 64 min manatdan çox ianə edib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu məbləğ qurumun əməkhaqqı fondundan ayrılıb. ASCO ailəsi bu addımı ilə xalqımızın qürur və güvən yeri olan, işğal altındakı torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusunun daim yanında olduğunu nümayiş etdirib.
Dənizçilər olaraq bildiririk ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun inamlı qələbələri hər birimizin qürur yerinə çevrilib. Bu qələbənin davamlı olacağına, tezliklə işğal olunmuş torpaqlarımızın tamamilə azad ediləcəyinə inanırıq. Bu şərəfli missiyanın həyata keçirilməsində iştirak edən hər kəsə uğurlar diləyirik! Qarabağ Azərbaycandır!