İQTİSADİYYAT
“Xəzər İnşaat Həftəsi 2016” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
Bakı, 19 oktyabr, Elvin Camalov, AZƏRTAC
Bu gün Bakıda açılan “Xəzər İnşaat Həftəsi 2016”nın keçirildiyi tarixlərdə bir sıra tədbirlər nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu kimi layihələrdən biri “BakuBuild” sərgisinin keçiriləcəyi tarixdə “Four Seasons” otelində İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan xeyriyyə ziyafəti və bu tədbir zamanı xüsusi hərracın təşkil olunmasıdır. Hərracdan əldə olunan bütün maddi vəsait isə xeyriyyə məqsədilə sərf ediləcək. Xeyriyyə ziyafətinin sponsorlarından biri də “BakuBuild” sərgisinin təşkilatçılarıdır.
Oktyabrın 20-də isə “Fairmont Baku” otelində çoxsahəli Azərbaycan-Dubay biznes-forumu keçiriləcək. Bu foruma “Xəzər İnşaat Həftəsi 2016” tədbirinin iştirakçıları da qatılacaq. Həmin gün “Aquatherm Baku-2016” sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “İstilik, havalandırma, su və kanalizasiya sistemlərinin “liNear” şirkəti ilə birlikdə “Peşəkarlar üçün yeni imkanlar” mövzusuna həsr olunmuş seminar-təqdimat keçiriləcək.