CƏMİYYƏT
“Xəzər Könüllülük Məktəbi”nin birinci iclasının keçirilməsində məqsəd beynəlxalq könüllü təşkilatlarının nümayəndələri arasında əlaqələr yaratmaqdır
Bakı, 18 fevral, AZƏRTAC
Bu gün Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyində üç Xəzəryanı ölkənin könüllülərinin iştirakı ilə “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası keçirilir.
Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən həyata keçirilən “Xəzərin Könüllülük Meridianları” layihəsində Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllü təşkilatlarının liderləri və fəalları, könüllü layihələrdə praktik təcrübəsi olan tələbələr iştirak edir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.
“2020-ci ilin “Könüllülər ili” elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatlarının nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır”, - deyə mətbuat katibi qeyd edib.
Nazirliyin sözçüsü bildirib ki, iclasda Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə könüllü fəaliyyətinin ən yaxşı təcrübələri regional səviyyədə müzakirə edilir.