REGİONLAR


“Xəzər-Lənkəran” komandası Topaz Futbol Festivalının mini futbol üzrə regional turnirinin qalibi olub

Astara, 16 iyun, Bağır Əliyev, AZƏRTAC

İyunun 16-da Astara Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı-2019” çərçivəsində mini futbol üzrə regional turnir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional turnirdə Astara, Lənkəran, Masallı və Lerik rayonlarını təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən “Cənub” Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev yarış iştirakçılarına qələbə sevincləri arzulayaraq, ölkəmizdə idmanın inkişafı sahəsində görülmüş işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıblar.

Diqqətə çatdırılıb ki, “Topaz Futbol Festivalı”nın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini təmin etməkdir.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin finalında “Xəzər-Lənkəran” və “Masallı” komandaları qarşılaşıblar.

Final görüşündə daha inamlı oyun nümayiş etdirən “Xəzər-Lənkəran” komandası rəqibinə 2:1 hesabı ilə qalib gələrək regional turnirin qalibi olub. Astaranın “Ərçivan” komandası isə turnirdə üçüncü yeri tutub.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin məktəblilərin ifasında konsert və nümunəvi çıxışlar təqdim olunub.

İdmanın futbol növünə aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, “Topaz Futbol Festivalı-2019” çərçivəsində ölkəmizin 6 bölgəsini əhatə edən turnirin qalibləri iyulun 13-14-də Bakıda keçiriləcək final yarışlarında qarşılaşacaqlar.

Mini futbol üzrə növbəti regional yarışlar iyunun 22-23-də Gəncə, iyunun 29-30-da Qaxda və iyulun 6-7-də isə Sumqayıtda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.