İQTİSADİYYAT
“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” İcra Komitəsinin növbəti iclası olub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (CEPI) İcra Komitəsinin onlayn formatda növbəti videogörüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşü giriş sözü ilə açan SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti, CEPI-nin İcra Komitəsinin sədri Rəfiqə Hüseynzadə iştirakçılara ilk olaraq “Rosneft” şirkətinin CEPI-yə qoşulduğu barədə məlumat verib. Bundan başqa, o, cari iclasda əsas dörd məsələnin – beynəlxalq COP26 görüşündə qəbul olunan qərarların, Sərəncə ərazisində yaşıllaşdırma işlərinin aparılmasının, alternativ enerji mənbələrindən istifadənin, CEPI çərçivəsində təlimlər və təcrübə mübadiləsinin, – müzakirə olunacağını bildirib.
COP26 tədbirində qəbul olunan qərarların müzakirəsi zamanı CEPI-nin bu qərarlara verə biləcəyi töhfədən, habelə həmin ərəfədə SOCAR-ın nümayəndə heyətinin COP26 tədbirinə qatıldığından, bu tədbirlə əlaqədar qarşılıqlı fikir mübadiləsindən söhbət açılıb.
COP26-da qəbul olunan qərarlardan birinin yaşıllaşdırma işləri ilə əlaqədar olduğunu xatırladan Rəfiqə Hüseynzadə öz çıxışında Qaradağ rayonunda yerləşən Sərəncə ərazisinin istifadə təyinatı, coğrafi yerləşmə amili, habelə iqlim zonallığı nəzərə alınmaqla, atmosfer havasının mühafizəsi, burada çalışan işçilər və yerli icmalar üçün daha sağlam ekoloji mühitin yaradılması, torpaq-bitki örtüyünün bərpası, flora zənginliyinin qorunması məqsədilə geniş yaşıllıq zolaqlarının salınması imkanları CEPI üzvlərinə çatdırıb.
Atmosfer emissiyalarının azaldılması, ətraf mühitin mühafizəsi və daha təmiz enerji mənbələrindən istifadə üzrə müasir çağırışları, alternativ və bərpa olunan enerjidən istifadə istiqamətində SOCAR tərəfindən Ekoparkda və Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) pilot layihələrin uğurla həyata keçirildiyini nəzərə alaraq və əldə olunan təcrübədən istifadə edərək TİEM-də alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məsələsi CEPI iştirakçıları tərəfindən müzakirə olunub.
CEPI-nin İcra Komitəsinin iş planına uyğun olaraq, təşəbbüsə üzv şirkət nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim, treninq və seminarların keçirilməsi məsələsi haqqında fikir mübadiləsi aparılıb.
Bundan başqa, CEPI üzvlərinə 2022-ci ilin mart ayında “Dekarbonizasiya və yeni enerjiyə keçid” mövzusunda Beynəlxalq Ekoloji Konfransın keçirilməsi təklif edilib.
Tədbirin sonunda CEPI üzvləri təklif olunan təşəbbüsləri müsbət qarşılayıblar və atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.