İQTİSADİYYAT


“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” üzvlərinin növbəti görüşü olub

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Environmental Protection Initiative - CEPI) üzvlərinin onlayn formatda görüşü keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Equinor” şirkətinin ölkə üzrə meneceri Favad Qureyşi, BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “KazMunayGaz” şirkətinin vitse-prezidenti Kayrat Saktaganov və “Total EP Absheron” şirkətinin rəsmi nümayəndəsi Adil Babayev iştirak ediblər.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, CEPI-nin İcra Komitəsinin sədri Rəfiqə Hüseynzadə görüşdə təşəbbüs çərçivəsində indiyədək görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, CEPI-nin əsas fəaliyyət istiqaməti Xəzər regionunda ekoloji tarazlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınması, “Sıfır karbon hədəfləri”nin (“NetZero”) mümkün iqtisadi şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində aparılan neft və qaz əməliyyatları zamanı ekoloji dayanıqlılığın təşviq edilməsidir.

R.Hüseynzadə Qaradağ rayonunda yerləşən Sərəncə istehsalat ərazisində bir neçə ekoloji layihənin həyata keçirilməsini təklif edib. Sərəncə məntəqəsinin istifadə təyinatı, coğrafi yerləşmə amili, habelə iqlim zonallığı nəzərə alınmaqla buradakı mövcud dizel generatorlarının ekoloji cəhətdən daha təmiz və effektiv olan qaz-turbin generatorları ilə dəyişdirilməsi fikri görüş iştirakçıları tərəfindən ekoloji cəhətdən daha təmiz texnologiyalara keçid baxımından müsbət qarşılanaraq yüksək dəyərləndirilib, gələcəkdə layihənin həyata keçməsi imkanlarının daha təfərrüatlı müzakirəsi, qiymətləndirilməsi haqqında qərar qəbul olunub.

Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində tətbiq olunan yeni texnika və texnologiyalarla tanışlıq, habelə təcrübə mübadiləsinin aparılması məqsədi ilə CEPI-yə üzv şirkətlərin istehsalat ərazilərinə qarşılıqlı səfərlərin təşkil olunması planlaşdırılıb. Görüşdə ətraf mühitin qorunması istiqamətində CEPI çərçivəsində təbliğat-təşviqat işlərinin gücləndirilməsi məqsədilə kitab, jurnal, elmi məqalə və sair materialların nəşrinin nəzərdə tutulması, habelə istehsalat ərazilərində ağacəkmə kampaniyalarının keçirilməsi, yaşıllaşdırma işlərinin aparılması haqqında da qərarlar qəbul edilib.

Sonda cari il noyabrın 1-11-də Birləşmiş Krallığın Qlazqo şəhərində keçiriləcək “COP26” beynəlxalq konfransında CEPI-yə üzv şirkətlərin nümayəndələrinin iştirakının nəzərdə tutulduğu bildirilib.

Xatırladaq ki, CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.